“Sağlam Təhsil” siniflərində pedaqoji təcrübənin yekunlarına həsr olunmuş görüş keçirilmişdir
TƏLƏBƏLƏR
05 June 2018SABAH tələbələrinin “Sağlam Təhsil” siniflərində keçdiyi pedaqoji təcrübənin yekunlarına həsr olunmuş görüş keçirilib
31 mayda Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH qrupları və “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin əməkdaşlığı çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH qruplarında İbtidai sinif müəllimliyi ixtisasında təhsil alan III və IV kurs tələbələrinin Sağlam Təhsil siniflərində keçdiyi pedaqoji təcrübənin yekunlarına həsr olunmuş hesabat görüşü keçirilib.
Görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, Milli Təhsil Texnologiyaları Mərkəzinin sədri Şamil Süleymanlı, prorektorlar, metodist və psixoloqlar, müəllimlər və tələbələr iştirak edib.
Cari ilin fevral ayında 16 məktəbin Sağlam Təhsil siniflərində keçirilmiş təcərübədə 41 SABAH tələbəsi iştirak edib. Tələbələrə təcrübə müddətində Sağlam Təhsil siniflərinin müəllimləri, həmçinin metodist, pedaqoq və psixoloqları davamlı dəstək göstəriblər. Tələbələrin təcrübə dövrünə hazırlığı məqsədilə, onlara öncədən sağlam təhsil texnologiyaları, sinif gigiyenası və s. mövzularda 10 saatlıq təlimlər keçirilmişdir.
Tələbələr, eyni zamanda, təcrübə dövründə öncədən müəyyən olunmuş mövzular üzrə tədqiqat işləri üzərində çalışıblar. Seçilmiş ən yaxşı 3 tədqiqat işi 31 may tarixində keçirilmiş hesabat görüşündə təqdimatlar vasitəsilə nümayiş olunmuşdur.
Görüşün yekununda təcrübə keçmiş tələbələr və Sağlam Təhsil siniflərinin müəllimləri sertifikat və təşəkkürnamələrlə təltif olunublar.
Xatırladaq ki, SABAH tələbələrinin Sağlam Təhsil siniflərində təcrübə proqramı artıq üçüncü dəfədir ki, təşkil olunur.