LAYİHƏ HAQQINDA
SABAH ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmışdır.
SABAH qrupları 5 ixtisas qrupuna (təhsil, humanitar, iqtisadiyyat, texniki, təbiət) daxil olan 33 ixtisas üzrə Respublikanın 34 ali təhsil müəssisəsinin bakalavr səviyyəsinin I kursunu müvəffəqiyyətlə bitirmiş tələbələrdən müsabiqə yolu ilə seçim aparmaqla formalaşdırılmışdır. Müsabiqədə uğurlu nəticə göstərməklə SABAH qruplarına seçilmiş 688 tələbə 2014/2015-ci tədris ilini sentyabr ayından elmi-pedaqoji potensialı, tədris-laboratoriya və maddi-texniki bazası yüksək olan 7 ali təhsil müəssisəsində II kursdan təhsillərini davam etdirirlər.
- SABAH qruplarının tələbələri üçün əlavə təqaüd
- Ödənişsiz yataqxana
- Xarici mübadilə proqramlarında iştirak imkanı
- Müasir müəssisə və şirkətlərdə ixtisas təcrübəsi
- Tədrisin təşkilində mütərəqqi forma və metodlar
- İxtisas üzrə kompetensiyalara tam yiyələnmə
- Dərinləşdirilmiş xarici dilin tədrisi
- Tədrisdənkənar fəaliyyət
SABAH qruplarına Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində müəyyən edilmiş ixtisaslar üzrə əyani formada təhsil alan, birinci tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilər.