SABAH BILIK YARIŞMASInın birinci turu başa çatmışdır
TƏLƏBƏLƏR
04 March 2019Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan riyaziyyat, müəllimlik və informasiya texnologiyaları üzrə bilik yarışmasının birinci mərhələsi 1 mart 2019-cu il tarixində uğurla başa çatmışdır. Yarışlar müvafiq olaraq Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Texniki Universitetində keçirilmişdir.
Bilik yarışmasının təşkil edilməsində məqsəd istedadlı tələbələrin aşkar edilməsi, onların təhsilə stimullaşdırılması, elmə maraqlarının artırılması, sağlam rəqabət şəraitində öz bilik və bacarıqlarını nümayiş etdirmələri və müvafiq ixtisaslar üzrə müxtəlif ali təhsil müəssisələrinin SABAH qrupları tələbə kontingentinin inteqrasiya etdirilməsindən ibarətdir.
Bilik yarışmasında ümumilikdə 9 ali təhsil müəssisəsinin (Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Uiversiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universieti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti) 800-dək SABAH qrupları tələbəsi iştirak etmişdir.Qeyd etmək lazımdır ki, ötən il ilə müqayisədə bu il iştirakçıların sayı xeyli artmışdır.
Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan bu yarışma Təhsil Nazirliyi, SABAH qrupları layihəsinin əməkdaşları, müvafiq ali təhsil müəssisələrinin rəhbərliyi və texniki işçiləri, uyğun ixtisaslar üzrə mütəxəssislər (akademik heyət), həmçinin SABAH könüllülərinin dəstəyi ilə təşkil olunur.
Yarışmanın birinci mərhələsinin nəticələrinə əsasən, riyaziyyat üzrə 45, müəllimlik üzrə 97, informasiya texnologiyaları üzrə 25 yarış iştirakçısı ikinci mərhələdə iştirak etmək hüququ qazanmışdır. Bilik yarışmasının növbəti və final mərhələlərinin 11 - 15 mart 2019-cu il tarixində keçirilməsi nəzərdə tutulur.