XƏBƏRLƏR

2019/2020-ci tədris ili üzrə SABAH qruplarına tələbə seçimi müsabiqəsinin imtahan mərhələsinə dair məlumat

TƏLƏBƏLƏR

05 June 2019

02 iyun 2019-cu il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Təhsil Nazirliyinin “SABAH” layihəsinə yeni tədris ilində qəbul olunmaq üçün namizəd tələbələr arasında məntiq və ingilis dilindən imtahan keçirilmişdir.

İmtahanda 1760 namizəd tələbə iştirak etmişdir. İmtahan başa çatdıqdan sonra, SABAH qrupları İcra Komitəsinin əldə etdiyi məlumata əsasən, bu tələbələrdən biri imtahandan bir müddət əvvəl bəzi imtahan suallarının məzmununu əldə etmiş və onları bir neçə tələbə ilə paylaşmışdır. Bununla bağlı İcra Komitəsi dərhal araşdırmaya başlamış və araşdırma nəticəsində məlumat öz təsdiqini tapmışdır. Belə ki, bir tələbə həqiqətən də, imtahandan qabaq “Məntiq” bölməsindən 17 sualı (mövcud 50 sualdan) və “İngilis dili” bölməsindən 14 sualı (mövcud 50 sualdan) imtahan təşkilatçısının səhlənkarlığı nəticəsində mətbəə orqanından gizli şəkildə əldə etmiş və onları bir neçə tələbə ilə paylaşmışdır. İcra Komitəsi tərəfindən həmin tələbənin kimliyi müəyyən edilmiş, onun özündən və sualların məzmunu ondan əldə etmiş bir neçə digər tələbələrdən yazılı izahatlar alınmışdır.

Təsis edildiyi ilk gündən “SABAH” layihəsi şəffaflıq, dürüstlük və ədalət prinsiplərinə sadiqdir. Bu layihəyə namizəd olan tələbələrin bilik və bacarıqlarının hamı üçün bərabər, heç bir ayrı-seçkiliyə və ya ədalətsizliyə imkan verməyən bir şəraitdə yoxlanılması layihənin təməl prinsiplərindən biridir. Bu və ya digər səbəbdən bir və ya bir neçə namizədlər tərəfindən imtahanda digər namizədlərə münasibətdə ədalətsiz üstünlük əldə etmək cəhdlərinin hər zaman qabağı alınmış, imtahan prosesinin və onun nəticələrinin obyektivliyi qorunub saxlanmışdır. Təəssüflər olsun ki, 02 iyun 2019-cu il tarixində keçirilmiş imtahanda bu təməl prinsipi bəzi namizəd tələbələr tərəfindən pozulmuş və bununla da imtahanın nəticələrinin bütün namizədlər üçün obyektivliyi təmin edilməmişdir.

Bunları nəzərə alaraq, SABAH qrupları İcra Komitəsinin yekdil qərarına əsasən 02 iyun 2019-cu il tarixində keçirilmiş imtahanın nəticələri ləğv edilmiş, “SABAH” layihəsinə yeni tələbələrin qəbulu üçün yaxın müddətdə yeni imtahanın keçiriləcəyi barədə qərar qəbul edilmişdir. Bununla yanaşı 02 iyun 2019-cu il tarixində keçirilmiş imtahan prosesinin obyektivliyinə müdaxilə edən tələbələr “SABAH” layihəsi tərəfindən keçiriləcək yeni imtahanda iştirakdan, imtahan təşkilatçısı isə müqavilə şərtlərini pozduğuna görə yeni imtahan prosesinin təşkil edilməsindən kənarlaşdırılmışdır.

Bununla bağlı “SABAH” layihəsinə yeni tələbələrin qəbulu üçün imtahanın vaxtı və yeri barədə əlavə məlumat veriləcək, sual-cavab üçün müvafiq ali təhsil müəssisələrində növbəti həftə namizədlərlə görüş keçiriləcək.

Xəbər lentinə abunə olun: