Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində birinci tədris ili üzrə əyani formada təhsil alan tələbələrin SABAH qruplarına seçimi mərkəzləşdirilmiş qaydada üç mərhələdən ibarət olmaqla müsabiqə yolu ilə (akademik göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) elektron proqram təminatı tətbiq olunmaqla həyata keçirilir.


SABAH qruplarına tələbələrin seçimini həyata keçirmək üçün SABAH layihəsinin rəsmi internet səhifəsində (www.sabah.edu.az) bu Qaydalar, “Elektron ərizə forması” və “Elektron ərizənin doldurulmasına dair təlimat” yerləşdirilir.


SABAH qruplarına tələbələrin seçimi prosesinin səmərəli təşkili və keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən müsabiqə komissiyası və imtahanın nəticələri ilə bağlı şikayətlərə baxılması məqsədi ilə apelyasiya komissiyası yaradılır.


Müsabiqədə iştirak etmək üçün tələbələr SABAH qruplarının rəsmi internet səhifəsində (www.sabah.edu.az) yerləşdirilmiş elektron ərizəni doldurulmalıdırlar. Elektron ərizələrin qəbulunun başlanma və bitmə vaxtı Təhsil Nazirliyi tərəfindən hər il müəyyənləşdirilir və elan edilir.


SABAH qruplarında təhsil ödənişli və ödənişsiz əsaslarla təşkil oluna bilər.

I.

Akademik göstəricilərin qiymətləndirilməsi

SABAH qruplarına Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində müəyyən edilmiş ixtisaslar üzrə əyani formada təhsil alan,  birinci tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilər.


Müsabiqədə tələbələr yalnız təhsil aldıqları ixtisas üzrə iştirak edə bilərlər.


Müvafiq ixtisas üzrə SABAH qruplarında təhsil almaq üçün bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi zərurəti yaranan tələbələr bu ali təhsil müəssisələrinin müvafiq ixtisaslarının tədris planları (birinci tədris ili üzrə) arasında akademik fərqin 2 fəndən artıq olmadığı halda müsabiqədə iştirak edə bilərlər.

II.

Test imtahanı

Müsabiqənin I mərhələsində SABAH layihəsinin rəsmi internet səhifəsində (www.sabah.edu.az) yerləşdirilmiş elektron ərizə formasını dolduran hər bir namizədin ərizəsi yoxlanılır. Qeyd olunan göstəricilər müsabiqə qaydalarına uyğun olduqda ərizə 10 (on) iş günü ərzində təsdiqlənir və bu haqda namizədin elektron poçt ünvanına ərizənin təsdiqi haqqında məlumat göndərilir. 


Elektron ərizələrin qəbulu başa çatdıqdan sonra ərizəsi təsdiqlənmiş namizədlər müsabiqənin II mərhələsi olan test imtahanının keçirilmə vaxtı və məkanı barədə 10 (on) iş günü əvvəl SABAH layihəsinin rəsmi internet səhifəsində (www.sabah.edu.az) yerləşdirilən elan vasitəsilə məlumat əldə edirlər.


İngilis dili üzrə nümunə suallar

Məntiq üzrə nümunə suallar

III.

Müsahibə

Müsabiqənin II mərhələsində iştirak etmək üçün namizədlər imtahana buraxılış vərəqəsini www.student.sabah.edu.az portalında yaradılmış şəxsi hesablarına daxil olmaqla əldə edirlər.


Müsabiqə iştirakçıları imtahanın başlanmasına 1 (bir) saat qalmış şəxsiyyət vəsiqəsinin əsli və imtahana buraxılış vərəqəsi ilə imtahanın keçiriləcəyi yerə gəlməlidirlər. Şəxsiyyəti təsdiq edən sənəd və imtahana buraxılış vəsiqəsi təqdim olunmadıqda namizəd imtahana buraxılmır.


Hər hansı bir səbəbdən göstərilən vaxtda imtahanda iştirak etməyənlər üçün təkrar imtahan keçirilmir.


Test imtahanı ingilis dili və məntiq komponentləri üzrə keçirilir. Nümunə suallar layihənin rəsmi internet səhifəsində (www.sabah.edu.az) “Seçim şərtləri” bölməsində yerləşdirilir. 


“Test suallarının cavablandırılmasına dair təlimat”a uyğun olaraq imtahanda iştirak edən hər bir namizədə İngilis dili komponenti üzrə 50 (əlli) və məntiq komponenti üzrə 50 (əlli) sual təqdim edilir. Sualların cavablandırılmasına 2 (iki) saat vaxt ayrılır.


Müvafiq komponentlər üzrə namizədlərin qiymətləndirilməsi aşağıdakı qaydada aparılır:


1. SABAH qruplarında təhsil dili bölməsində yalnız azərbaycan dili seçimini göstərmiş namizədlər ixtisaslara müvafiq olaraq məntiq komponentinin keçid balını topladıqları halda müsabiqənin növbəti mərhələsinə keçmiş hesab olunurlar. İngilis dili komponenti üzrə keçid balı müəyyən olunmur, lakin bu komponent üzrə toplanmış bal müsabiqənin son mərhələsində əmsalı hesablanmaqla namizədin yekun balına əlavə olunur.


2. SABAH qruplarında təhsil dili bölməsində azərbaycan dili və ingilis dili seçimlərini göstərmiş namizədlər ixtisaslara müvafiq olaraq məntiq və ingilis dili komponentlərinin keçid balını topladıqları halda ingilis bölməsi üzrə müsabiqənin növbəti mərhələsinə keçmiş hesab olunurlar. İngilis dili komponenti üzrə keçid balını toplamamış namizədlər öz seçimlərinə əsasən azərbaycan bölməsi üzrə müsabiqənin növbəti mərhələsində iştirak hüququ qazanırlar.


3. SABAH qruplarında təhsil dili bölməsində yalnız ingilis dili seçimini göstərmiş namizədlər məntiq və/ və ya ingilis dili komponentinin keçid balını toplamadıqları halda müsabiqənin növbəti mərhələsində iştirak hüququnu itirirlər.


4. Müvafiq ixtisas üzrə müsabiqə keçid balını toplamış tələbələrin sayı 15-dən az olarsa (xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla), həmin ixtisas üzrə müsabiqə dayandırılır.


Müsabiqənin II mərhələsi üzrə qiymətləndirmənin nəticələri (ixtisaslar üzrə müəyyən olunmuş keçid ballarına əsasən) imtahanın keçirilməsindən etibarən 15 (on beş) iş günü ərzində SABAH layihəsinin rəsmi internet səhifəsində (www.sabah.edu.az) elan olunur.


Müsabiqənin II mərhələsində müvafiq ixtisaslar üzrə keçid balını toplamış namizədlər III mərhələdə (müsahibəyə) iştirak etməyə dəvət olunurlar. Müsahibənin keçirilmə vaxtı və yeri imtahan nəticələrinin elan olunmasından etibarən 10 (on)  iş günü ərzində SABAH layihəsinin rəsmi internet səhifəsində (www.sabah.edu.az) elan olunur.